Vusala M.цитирует4 года назад
Bu qoca xidmətçi xədim idi, cavanlığında İranın harasındasa kişiliyini itirmişdi, deyəsən, elə o vaxtdan da nağıl xəzinəsinə dönmüşdü, dərin mühakimələri vardı, noğul-nabatı çox sevirdi. Atam on beş il qabaq onu haradansa tapıb gətirmişdi, o vaxtdan bəri həm kişi işlərini, həm də qadın işlərini görürdü. Bu keyfiyyətlərini özü də bilir, bununla qürur duyurdu.

“Allah-taala, – xədim sözünə belə başlayardı, – yeri yaradanda o, dənizin üzü kimi hamar və düz idi. Yer üzərində cürbəcür məxluqlar vardı: insanlar, heyvanlar, ruhlar, əzablar, bir də xəstəliklər. Adil Allah bunları yaradandan sonra fikirləşdi ki, yeri çox hamar və düz yaradıb, ona görə də qərara gəldi ki, səxavət göstərib hər torpağa dağlar, təpələr də versin. Odur ki, dağları, təpələri kisəsinə yığıb onları ədalətlə yer üzünə paylamağa başladı. Əzab və xəstəliklərin sahibi Şeytan isə istəmirdi ki, insan bunlara sahib çıxsın. Allah Xəzər dənizi ilə Qara dənizin üstündən keçəndə Şeytan kisənin ağzını açır, kisədəki bütün dağlar bu iki dənizin arasındakı düzənliyə səpilir. Dağlar diyarı Qafqaz belə yaranır. Amma Dünyanın Sahibi yaman qəzəblənmişdi. “Ey, Şər! – O deyir. – Sən mənim yaratdıqlarımın ən məkrlisi və mənim birinci səhvimsən. Ona görə də cəza olaraq sənə bu dağlara gəlməyi qadağan edirəm. Bu dağlarda insanlar və heyvanlar məskən salacaq, amma sən, sənin qulluqçuların olan əzablar və xəstəliklər bu torpağa gərək ayaq basmasın. Bu dağlar arasındakı həyat sizsiz də çox ağır olacaq”.

Adil və Rəhmli Allah belə dedi, belə də oldu. Əzab və xəstəliklər düzənliklərdə, bağlarda, həyatın asan olduğu yerlərdə məskən saldı. Cəsurlar və kübarlar isə uca dağlarda, şərin, azar-bezarın olmadığı yerlərdə qaldılar”.
  • Войти или зарегистрироваться, чтобы комментировать