Romanın oxucuları arasında mənim doğulub-böyüdüyüm, gəzdiyim, göz zilləyib baxdığım məlum coğrafiyanı relyefindən — dağından, düzündən, eniş-yoxuşundan, yaxud toponimindən, adamları yerişindən-duruşundan, ağrısından tanıyanlar da olacaq. Ancaq bir həqiqət var: bu, nə bioqrafik, nə də sənədli əsərdi. Artıq kitabın cildinə baxmış oxucu bilir: «Mən yoxam». Planetin harasında olur-olsun, üzərinə min bir yerdən kamera tuşlanan, hər guşədə, hər bucaqda videogörüntü pusqusu altında olan, birbaşa və dolayı üsullarla daim göz qoyulan müasir insana birisinin yox olmaq istəyi, zənnimcə, qeyri-təbii və təxəyyül mətahı kimi görünməyəcək.